“Təəssüflər
olsun, gəncliyi geri qaytarmaq olmur”
Tariyel Qasımov:
“Aktyorun və rejissorun inkişafı üçün klassika
lazımdı”
İnsan sevdiyi peşə ilə məşğul olanda işlədikcə işləmək istəyir, uğur qazandıqca daha çoxunu əldə etməyə çalışır. Çünki çalışdığı sənətə olan sevgi ona bu yolda yardımçı olur. İşə başı o qədər qarışır ki, bəzən yaşın necə keçdiyindən xəbəri olmur. Belə desək saçını sevdiyi sənəti yolunda ağardanlardan biri də xalq artisti Tariyel Qasımovdur. Bu dəfə “Şənbə qonağı” rubrikamızda suallarımızı cavablandıran aktyor gəldiyi yolda sevinclə yanaşı, kədərin də ona yoldaş olduğunu deyir. Aktyorun bu və ya digər mövzularda suallarımızı cavablandırdığı müsahibəsini sizlərə təqdim edirik.
- Aktyorluq maraqlı sahə olduğu qədər enişli, yoxuşlu yolları da çoxdu. Bəlkə gəldiyiniz o yola nəzər salaq?
- Mən 55 ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışıram. Bir il Qazaxda, il yarım Dərbənddə də çalışmışam. Amma həmişə Gənc Tamaşaçılar Teatrının aktyoru olmuşam, maaşımı burdan almışam. Bu illər ərzində sevincim də olub, kədərimdə. Yaxşı rollarım olub. Məni hələ heç bir teatrşünas tənqid etməyib. Bütün rollarımı tərifləyiblər. İndi aktyorlar haqda teatrşünaslar çox az yazırlar. Amma o vaxtı İlham Rəhimli kimi böyük tənqidçi var idi. Onun tənqidindən hamı qorxurdu. O tənqidlərində hər şeyi dəqiqliklə yazırdı. Bir dəfə gəlib “Komsomol” poemasına baxmışdı. Mən gənc vaxtı həmin tamaşada Cəlalı rolunu oynayırdım. Yaşa dolduqdan sonra Bəxtiyarı canlandırdım. İlham Rəhimli Bəxtiyar rolu haqqında yazmışdı ki, Tariyel Qasımov çox gözəl oynayır. Amma Humay öldürülən vaxt Humayı qolları arasına alıb, göyə müraciətlə dediyi şeiri çığırtı ilə yox, daxilən yanğı ilə desə daha yaxşı olar. Çox gözəl də tənqid eləmişdi. Bir dənə o yerini bəyənməmişdi. Və mən onu düzəltdim. Sonra dəvət elədim gəlib tamaşaya baxdı. Dedi ki, bax mən də səhnədə bunu görmək istəyirdim. Aktyor öz üzərində işləyib, yaxşı iş təqdim etməyə çalışmalıdır ki, tənqidə tuş gəlməsin. Mən həmişə buna fikir verməyə çalışıram. Deyilən tənqidlərdən nəticə çıxarıb, daha yaxşısını etməyə cəhd edirəm. İndi də çalışıram yaxşı oynayım ki, tənqidlərə tuş gəlməyim. Bu illər ərzində paxıllıq edənlər də çox olub. Həmişə fikirləşirdim ki, niyə paxıllıq edirlər axı? Onlara da rol verilir. Onlar da oynasınlar.
- Yolu uğurlu davam etmək üçün başlanğıc önəmlidi. Aktyor istənilən nəticəni əldə etmək üçün hansı rollardan başlamalıdır?
- Bəzən
aktyor istedadlı olsa da, rejissor etibar edib ona baş rol vermir. Və get-gedə həmin aktyor passivləşir.
İstedadı roldan rola keçərək
işlətmək lazımdı. Rolun
deyil, aktyorun böyük-kiçikliyi var. Gənc aktyor
institutu bitirib gəlirsə və ona epizodik bir rol verirlərsə,
bu düz deyil. Onu baş rolda sınamaq
lazımdı. Bundan sonra ona baş və
ya epizodik rol veriləcəyini təyin etmək olar. Rolu gərək verəsən ki, aktyorun nəyə
qadir olduğunu da biləsən. İndi
universiteti bitirib gələn gənclərin bəxti bu mənada
gətirir.
-
Tamaşaçı üçün günün problemləri,
ətrafında olanlar daha çox maraq kəsb etdiyi bir
dövrdə əsrlər öncə yazılan bir əsərin
tamaşaya qoyulmasına münasibətinizi öyrənmək
istəyərdim. Bu tamaşaçılar
üçün nə dərəcədə maraqlıdı?
- Aktyorun
və rejissorun inkişafı üçün klassika
lazımdı. Amma sizin dediyiniz fikirlə də
razılaşıram. Yaxşı olar ki,
müasir, tamaşaçı gəlib teatrda özünü,
səhvlərini, doğrularını görsün və
özündə bəyənmədiyi nə görürsə
onları düzəltsin. Axı indi bizim
yazarlarımız da azdı. Məsələn,
Firuz Mustafa çox işgüzar dramaturqdu. Bu yaxınlarda onun “Pələng ili” pyesinin
tamaşasını oynadıq. Çox
aktual və bu gün üçün maraqlı bir pyesdi.
Amma gərək əsəri rejissor yaxşı
qursun, düzgün rol bölgüsü etsin ki, ortaya
yaxşı tamaşa çıxsın. Rejissor
öz üzərində çox işləməlidi ki, əsərin
müəllifinin fikirlərini tamaşaçıya tam
çatdıra bilsin. Teatrda indi dramaturqlara əsər
üçün az pul verirlər. Əvvəllər yazarlara əsərlərinin
müqabilində bir maşının pulu verilirdi. Amma indi o qədər qanorar verilmədiyi
üçün bəlkə də əsərləri
saxlayırlar ki, gələcəkdə yaxşı qanorar verəndə
üzə çıxaracaqlar. Ona görə
klassik əsərlərə müraciət etməyə məcburdular.
- Aktyor
olaraq çalışırsız, kitab yazırsız,
şeirləriniz var…
- Kitab
yazmaq məsələsi elədir ki, ilahi tərəfindən
mənə ilham gəlir və oturub yazıram. Ulu
öndərə həsr etdiyim “İnam” poemasını 3 gecəyə
yazmışam. “Ömrün sənət
yollarında” kitabını yazmaq ideyası həmişə
beynimdə fırlanırdı. Seyfəddin
Dağlının C.Cabbarlının həyat yolundan
yazdığı “Aydınlığa doğru” əsərində
C.Cabbarlını oynayırdım. Həmişə
fikirləşirdim ki, mənim həyatımı məndən
yaxşı kim biləcək. Mənə
çox adam deyirdi ki, siz xalq artisti olaraq yadda
qalacaqsız. Amma kitab da qalıcıdı.
Buna görə həmişə mənə
deyirdilər ki, kitab yazın və onu muzeyə verin. Yazıçılar Birliyində kitab təqdimatına
getmişdik. Həmin tədbirdə mənim
kitabım Firuz Mustafanın əlində idi. Hamıya
dedi ki, mən məsləhət görərdim bu kitabı
oxuyasız. Dedi ki, bu kitabı elə bil Tariyel Qasımov yox,
Dostoyevski yazıb. O kitabın gözəlliyi ondadır ki, hər
şey olduğu kimi yazılıb.
-
Yaşlı sənət adamlarının bir çoxu
müsahibələrində deyirlər ki, 65 yaşdan sonra sənətdə
nə isə əldə etmək çətindi. Siz hazırda 74 yaşındasız. 74-dən sonra sənətdə nələrsə etmək
mümkündürmü?
- (Gülür) İmkan yaratsalar mümkün olar. Mən 74
yaşımda “Pələng ili” tamaşasında 50
yaşında rolu canlandırıram. Bu
rolu ona görə verdilər ki, mən “Muradına çatan
günəş” serialında 50 yaşlı polkovniki
canlandırırdım. Mənim
saçımı, başımı qaraltmışdılar.
50 yaşlı adama oxşayırdım. Mənim saçını qaraldan kişilərdən
xoşum gəlmir. Amma aktyorlar müxtəlif yaşda
obrazlar canlandıra bildikləri üçün onlara ola bilər. Rəhmətlik Həsən
Məmmədovun saçı birdən ağappaq olurdu. Gələn dəfə rollara görə başqa
olurdu. Rollara görə mənim də
saçlarımı qaraltmışdılar. Mənim öz gözəl saçım var. Zarafatla
həmişə deyirəm ki, uca dağın başına qar
yağar.
-
Yaradıcılığınızda hansı rolu
özünüz üçün şah əsər bilirsiz?
-
Bütün rollarım mənim üçün əzizdi. Amma hər bir aktyorda şah rol olur. Şah rol odur ki, aktyoru daha çox tanıtsın,
tamaşaçılar tərəfindən daha çox sevilməsinə
şərait yaratsın. Bu məndə bir
deyil, iki deyil, bir neçədi.
- Bəs
sizin haqqınızda film çəkilməsini istəyərdinizmi
ki, orda bütün həyatınız əks olunsun?
-
Düzünü desəm bu yaxşı olar. Bir
dəfə belə bir təşəbbüs irəli
sürmüşdülər. Amma sonra
heç nə olmadı. Mənim öz həyatımdan
yazdığım kitab əsasında heç bir dəyişiklik
etmədən film çəksələr ondan gözəl
film alına bilməz. Kitabda mənim
uşaqlığımdan, xalq artisti adını alana qədərki həyatım əks olunub. O
hadisələrin davamı olan kitabın ikinci hissəsini
yazıram.
- Həyatınızda
elə bir an varmı ki, onun həmin filmə
daxil edilməsini istəməzdiz?
- Məsələn
mən ikinci dəfə ailə qurmuşam. Bir dəfə
verilişlərin biri evimizdə çəkiliş apardı.
Yoldaşım da efirdə danışdı.
Bəlkə də bu kimlərsə tərəfindən
yaxşı qəbul olunmayacaq. Amma bu mənim
həyatımdı. Və mən icazə
verirəm ki, deyilsin və göstərilsin. Mən olanları niyə gizlətməliyəm ki?
“Ömrün sənət yollarında”
kitabım hələ çapa hazırlananda bəzi hissələrin
kitabda olmamasını istədilər. Lakin mən dedim
ki, həmin hissələrin kitabda olmasını istəyirəm.
Çünki o hadisələri mən
yaşamışam.
- Tariyel
müəllim bu gün 74 yaşınız olmasına
baxmayaraq, 50 yaşlı obrazları canlandırırsız. Bəs heç eh cavanlıq-cavanlıq deyirsinizmi?
- Cavan
olsaydım “Söhrab və Rüstəm”də Söhrabı
bir də oynayardım. Cəlal rolunu oynamaq istəyərdim.
Təəssüflər olsun ki, gəncliyi geri
qaytarmaq olmur. Düzdü mən qocalığımı
hiss eləmirəm. Amma hərdən fikirləşirəm
ki, kaş 40 yaşına olaydım. Əgər
indi “Söhrab və Rüstəm” tamaşaya qoyularsa mən məmnuniyyətlə
Rüstəmi oynayardım.
- Tariyel
müəllim nələr üçün darıxır?
- Metroda
gedəndə fikir verirəm ki, 70-80 yaşlı qocalar ayaq
üstə qalır, cavan qızlar-oğlanlar öz sevgililəri
ilə oturub söhbət edirlər. Ayağa
qalxıb yer vermirlər. O vaxtı elə şey yox idi. Amma biz avtobusda oturanda yaşlı birinin gəldiyini
uzaqdan görəndə ayağa qalxırdıq ki, gəlib əyləşsinlər.
O heç görmürdü ki, biz ona yer vermişik. Elə bilirdi ki, o yer boşdu. O bizə evdə,
məktəbdə, institutda verilən tərbiyə idi. Biz yeganə millət idik ki, bunlara əmək edirik.
Moskvada biz kiməsə yer verəndə onlar onu
bəyənmirdilər. Biz o vaxtı elə
bilirdik ki, müəllim çörək yemir. Amma indiki tələbələr müəllimlə
siqaret çəkirlər.
- Rayona
tez-tez gedirsiz?
- Anama
görə hə. Anam olmasa bu qədər
tez-tez getmərəm.
- Tariyel
müəllim sonda gənclərə hansı məsləhətləri
verə bilərsiz?
- Bu sənətdə irəliləmək üçün əsas istedad lazımdı. İstedadın üzərində çalışmasalar heç nə əldə edə bilməzlər. Bu sənəti seçəmişdən öncə düşünsünlər ki, onlarda bu qabiliyyət var, yoxsa yox. Mən aktyor, rejissor olacam deməklə deyil. Əgər istedad yoxdusa bu işin axırı yoxdu. Bu sənətdə illərdir çalışsa da heç nə edə bilməyən o qədər insan var ki. Onların yeri səhv düşüb. Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında oxumuşam. İndi oranın rektoru Ağacan Əbiyevlə bir oxumuşuq. O həmişə mənə deyir ki, səninlə fəxr edirəm. Mən də deyirəm ki, mən də səninlə fəxr edirəm. O öz sahəsində uğur əldə edib, mən də öz sahəmdə. Deməli o öz yolundadı, mən öz yolumda.
Aygün
Asimqızı
Üç nöqtə.- 2013.- 29
iyun.- S. 13.